91ε

Şəhərsalma və urbanizasiya mövzusu 91ε-də müzakirə olunub

29 APREL 2026 | VIEWS:

91ε-in Biznes və menecment fakültəsində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində “Şəhərsalma və urbanizasiyanın dövlətin mənzil siyasətində rolu və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, “Bina” MTK-nın təsisçisi Rüstəm Məmmədov, Əmlak Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı, İqtisadi Resurslarının Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev, Bakı Mühəndislik Universitetinin müəllimləri Dürdanə Aslanzadə və Zümrüd Bağırlı, “A-Plus Audit” MMC-nin direktoru Azər Əliyev, “A-Plus Finance” MMC-nin direktoru Nərmin Nəbiyeva, “Elvi Audit Finans” MMC-nin direktoru Elxan İsmayılov, Azərbaycan Texniki Universitetinin müəllimləri Nuran Süleymanova və Pərvin Hacıyeva iştirak ediblər.

Dəyirmi masanın moderatoru, “Biznes və logistika” kafedrasının dosenti Pikəxanım Xudiyeva İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu diqqətə çatdıraraq mövzunun aktuallığını vurğulayıb.

Akademik Ziyad Səmədzadə çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini qeyd edib, Azərbaycanın şəhərsalma, yoxsulluğun azaldılması və infrastrukturun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, eyni zamanda əhalinin məskunlaşması ilə bağlı təkliflər səsləndirib.

Fakültənin dekanı dosent Mirağa Əhmədov “Şəhərsalma və urbanizasiyanın dövlətin mənzil siyasətində rolu” mövzusunda məruzə ilə çıxış edərək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində dayanıqlı şəhərsalma və mənzil təminatı məsələlərini təhlil edib. O, insan amilinin ön planda saxlanılmasını, tikinti şərtlərinin sadələşdirilməsini və iri şəhərlərin funksionallığının artırılmasında dövlət nəzarətinin gücləndirilməsini təklif edib.

Ramin Osmanlı Bakı şəhərinin Baş Planının icrası çərçivəsində ictimai nəqliyyatın inkişafı, yeni yol infrastrukturu və mikromobillik imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb, ekoloji standartların əhəmiyyətini qeyd edib. Ruslan Atakişiyev isə mənzil təminatında inklüziv və dayanıqlı maliyyələşmə mexanizmlərinin rolunu önə çəkib.

Rüstəm Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin gələcək inkişaf perspektivlərindən bəhs edib.

Digər çıxış edənlər – Dürdanə Aslanzadə, Zümrüd Bağırlı, Azər Əliyev, Nuran Süleymanova və Pərvin Hacıyeva WUF13-ün Bakıda keçirilməsinin dayanıqlı şəhərsalma, mənzil təminatı sisteminin təkmilləşdirilməsi və inklüzivliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.