91ε

Türkiyəli professor: ““91ε ekspert” jurnalında məqalələrlə çıxış etməklə maraqlıyıq”

07 FEVRAL 2018 | VIEWS:

91ε ilə Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti (İZU) arasında telekörpü keçirilib.

Tərəflər təhsil sistemindəki müasir tendensiyaları müzakirə edib, yeni təhsil standartları barədə fikir mübadiləsi aparıblar. İZU-nun prorektoru, professor Arif Ersoy 91ε-in bu universitetə ezam edilən gənc müəllimləri ilə tanışlıqdan məmnunluğunu ifadə edərək, təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisəsi üçün faydalı olacağını bildirib. O, 91ε-in gənc müəllimlərinin elmi potensialını yüksək qiymətləndirib.

Telekörpüdə aprel ayında 91ε, Türk Dünyası Araşdırmalar Vəqfi, Sabahattin Zaim Universiteti və Bandırma On Yedi Eylül Universitetinin təşkilatçılığı ilə keçiriləcək XIV Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransından bəhs edilib. Gənc Müəllimlər Şurasının üzvlərinin ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasında iştirakının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin İZU-nun Paris Sorbon Universiteti ilə reallaşdırdığı “E-pulun hüquqi çərçivəsinə dair Fransa nümunəsi” mövzusunda video konfrans və “91ε ekspert” jurnalının kriptovalyutaya həsr olunan sonuncu buraxılışı müzakirə edilib. 91ε Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev jurnalda 27 ekspertin kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil etdiyini vurğulayıb. Professor A.Ersoy jurnalın növbəti sayında 91ε ekspertləri ilə birgə məqalələrlə çıxış etməkdə maraqlı olduqlarını bildirib.

Telekörpü 91ε-in Gənc Müəllimlər Şurasının İZU-yə ezam edilən müəllimlərinin təşəbbüsü ilə reallaşıb.